"Toplum TV işi" üzrə məhkəmədə şahid ifadələri və gərgin anlar
Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam etdirilib. Məhkəmə zalında ifadələr zamanı ziddiyyətlər müşahidə olunub, bəzi anlarda isə gərginlik yaşanıb.
Şahid ifadələrində ziddiyyətlər və iddia edilən təzyiqlər
Müdafiə tərəfi, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təlimlərində iştirak etmiş Əli Fətullayevin ibtidai istintaqa verdiyi ifadələrdə ciddi ziddiyyətlər olduğunu qeyd edib. Bildirilib ki, Fətullayev əvvəlcə İDİ-nin maliyyələşməsi haqqında məlumatsız olduğunu söyləsə də, ikinci ifadəsində İDİ əməkdaşlarına istinadən qurumun donor təşkilatlardan qrantlar əsasında maliyyələşdiyini iddia edib. Təqsirləndirilən şəxslərin sualları zamanı məlum olub ki, Fətullayev Bakı Şəhər Baş Polis İdarəsinə müsadirə olunmuş telefonunu geri almaq üçün gedib və ona yalnız yenidən ifadə verəcəyi halda telefonunun qaytarılacağı şərti qoyulub. Müdafiə bunu polis tərəfindən təzyiq kimi qiymətləndirib.
Digər şahid Nigar Nəcəfova isə polis tərəfindən istintaqa dəvət olunduğunu deyib. Müdafiə tərəfi bu iddiaları rədd edərək, İDİ-nin ofisində reyd keçirildiyini və orada olan hər kəsin məcburi şəkildə polis idarəsinə aparıldığını vurğulayıb. N. Nəcəfovanın istintaqa verdiyi ifadədə, İDİ əməkdaşı Ramil Babayevə istinadən İDİ və
Toplum TV işinə görə
Toplum TV işinin qrant təşkilatlarından maliyyələşdiyi qeyd edilsə də, şahid özü və Ramil Babayev məhkəmədə bunu inkar ediblər. Nəcəfova ifadəsi zamanı heç bir mənbə göstərmədiyini və ümumi danışdığını bildirib. Bu zaman müdafiə tərəfi ifadənin müstəntiqlər tərəfindən yazıldığını irəli sürüb. Vəkil Günay İsmayılova şahidə ifadəsində təqsirləndirilən şəxslərin şəxsi həyatlarına dair məlumatların niyə yer aldığını soruşub. N. Nəcəfova bunu da inkar edərək istintaqa belə məlumatlar vermədiyini bildirib.
İDİ təlimlərində iştirak etmiş digər şahid Ramin Əliyev heç kimdən ödəniş almadığını və maliyyə haqqında məlumatı olmadığını deyib.
Toplum TV işi üzrə təqsirləndirilən şəxslərdən, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli şahidə təlimlərdən nə öyrəndiyini soruşub. Ramin Əliyev təlimlərin faydalı olduğunu, demokratik
institutlar və layihələrin necə yazıldığı haqqında məlumat aldığını qeyd edib.
Prokurorun kənarlaşdırılması tələbi və məhkəmədə narazılıq
Şahidlərin dindirilməsindən sonra, təqsirləndirilən şəxslərdən "Toplum TV" əməkdaşı Fərid İsmayılov keçən prosesdəki fikir ayrılıqlarını əsas gətirərək dövlət ittihamçısı Rauf Malışovun işdən kənarlaşdırılması tələbilə vəsatət qaldırıb. O, əvəzində baş prokuror Kamran Əliyevin məhkəməyə çağırılmasını istəyib. Məhkəmə bu vəsatəti təmin etməyib.
Proses zamanı hakim təqsirləndirilən şəxslərdən İDİ əməkdaşı Əli Zeynal və III Respublika Platformasının qurucu üzvü
Ruslan İzzətlinin gülüşlərinə görə irad tutaraq, onların məhkəməyə hörmətsizlik etdiyini bildirib.
Ruslan İzzətli isə bu irada cavab olaraq: "Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir", — deyə kəskin fikir səsləndirib.
"Toplum TV işi"ndə ittihamlar və saxlanılan şəxslər
Toplum TV işi üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü
Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. “Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bəyan edirlər.
Növbəti məhkəmə prosesi dekabrın 8-i saat 10:00-a təyin edilib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz