ABŞ Prezidenti Donald Trampın Qəzza Planına Dünyadan İlk Reaksiyalar: Ümid İşığı, yoxsa Aldatmaca?
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüşüb. Bu görüşdə tarixi qərarlar qəbul edilib. Netanyahu Qətər Baş nazirindən Doha hücumuna görə üzr istəyib. Tramp görüşdən sonra keçirilən birgə mətbuat konfransında həyəcanla gözlənilən Qəzza planının Netanyahu tərəfindən qəbul edildiyini açıqlayıb. Bu kritik görüş dünya mediasında böyük əks-səda doğurub.
Ağ Evdə Böyük Teatr
İsrail mətbuatı, "News Israel" qəzeti, görüşü "Netanyahu Ağ Evdə tarixin ən böyük teatrını sərgilədi" başlığı ilə işıqlandırıb. Xəbərdə "Şekspir belə bu oyunu ondan yaxşı yaza bilməzdi. Bu adam bənzərsiz bir aktyordur" ifadələri yer alıb. Eyni zamanda, Netanyahunun Trampa ünvanladığı təriflərə diqqət çəkilərək, "Bu, Trampın eqosunu şişirtmək üçün nəzərdə tutulmuş, utancverici bir heyranlıq nümayişi idi" deyilib.
Təl-Əviv üçün Uğursuzluq
Digər İsrail mərkəzli xəbər saytı "Kikar" Netanyahunun Qətərdən üzr istəməsi ilə bağlı tənqidləri gündəmə gətirib. Netanyahunun qısa müddət öncə sözçüsü olmuş Omer Dostrinin fikirlərinə yer verilən xəbərdə "Bu görüş Təl-Əviv üçün tamamilə uğursuzluqdur" ifadəsi istifadə olunub. Trampın Qəzza planı sərt şəkildə tənqid edilib. Xəbərdə İsrailli ifrat sağçı nazirlərin də bu plana etiraz etdiyi qeyd edilib: "Həması Qəzzada buraxmaq əvəzinə, ordumuzun bölgəni tərk etməsi absurd. Netanyahunun ağ bayraq yelləməyə səlahiyyəti yoxdur."
Həmasın Təsdiqi Vacibdir
ABŞ mediasından "Washington Post" görüşü "Netanyahu, Trampın Qəzza anlaşması planını qəbul etdi, lakin Həmas hələ də sual altındadır" başlığı ilə xəbər verib. Xəbərdə bu planın "Ağ Evin iki ildir davam edən qəddar müharibəni sona çatdırmaq səylərinin əksi olduğu" qeyd edilib, "Sülhə gedən yol üçün Həmasın təsdiqi vacibdir" ifadəsi istifadə olunub. Xəbərdə Misirli yüksək səviyyəli bir rəsmidən də sitat gətirilərək deyilib: "Hər kəs nə baş verdiyini, Netanyahunun nəyi təsdiqləyib, nəyə yox deyəcəyini görmək üçün gözləyir. Beləliklə, Misirin bu Amerika təklifinə dair baxışı haqqında tam bir fikir verə bilərik."
Plan Realdırmı?
Vaşinqton mərkəzli "Vox" isə "Trampın Qəzza planının reallığını" şübhə altına alan bir xəbər yayımlayıb. Xəbərdə 21 maddəlik plana baxmayaraq, sülhə mane olacaq faktorların olduğu bildirilib: "Ən böyük təhlükə həm İsrailin, həm də Həmasın prinsipcə 'bəli' deməsi, lakin daha sonra planın hər maddəsini tək-tək müzakirə etməsi və bilərəkdən müharibəni davam etdirərək işləri uzatmasıdır."
Netanyahu üçün Sonun Başlanğıcı
Sky News isə "Trampın Qəzza planı Netanyahu üçün sonun başlanğıcı demək ola bilər" başlıqlı görüşə dair bir analiz yayımlayıb. Analizdə Yaxın Şərq müxbiri Adams Parsonsun fikirlərinə yer verilərkən, "Bu razılaşma ilə Təl-Əviv hökuməti 'daha az sabit' hala gələ bilər" deyilib. İsrailli ifrat sağçı nazirlərin göstərdiyi reaksiyaların "Bir nöqtədə əksər insanlar Netanyahu hökumətinin daxildən devriləcəyinə inanır" fikirlərini gücləndirdiyi qeyd olunub.
Qəzza üçün Ümid İşığı
Yunan mediasından "iEidiseis" isə görüşü "Qəzza üçün bir ümid işığı" başlığı ilə işıqlandıraraq, Trampın "Bu gün böyük, çox böyük bir gün, bəlkə də sivilizasiya tarixinin ən böyük günlərindən biri" ifadələrini sitat gətirib. Lakin bütün bunlara baxmayaraq, Həmasın hələ cavab vermədiyinə diqqət çəkilən xəbərdə Netanyahunun "Cənab Prezident, Həmas sizin planınızı rədd etsə və ya sözdə qəbul edib daha sonra onu baltalamaq üçün hər şeyi etsə, İsrail vəzifəni təkbaşına tamamlayacaqdır" ifadələri yer alıb.
Netanyahu Kündəyə Salındı
Digər Yunanıstan mərkəzli xəbər saytı "Topontiki" isə "Netanyahu kündəyə salındı: Tramp onu Qətərdən üzr istəməyə məcbur etdi" başlığı ilə görüşü analiz edib. Xəbərdə Netanyahunun üzr istəməsinə cavab olaraq Qətər Baş nazirinin bölgənin təhlükəsizliyinə mühüm töhfələr verməyə davam etməyə hazır olduğunu söylədiyi qeyd edilib.
Bütün Bunlar Uydurmadır
Fransız mediasından "RFI" isə "Trampın planı Fələstinlilər arasında qarışıq tənqidlər alır" başlıqlı xəbərində "Al Jazeera"ya danışan Fələstinlilərin fikirlərinə yer verib. Xəbərdə Fələstinlilərin açıqlanan plandan sonra "Heç bir şeyi dəyişdirə bilməyəcəklər, bunların hamısı uydurmadır" dedikləri bildirilib.
Potensial Dönüş Nöqtəsi
İtalyan mediasından "First Online" isə "Qəzza üçün potensial tarixi dönüş nöqtəsi" başlığı istifadə edərək yazıb: "Qəzza planı Arap dünyası və İsrail tərəfindən qəbul edilib. Həmas "yaşıl işıq" yandırdığı an müharibə dayandırılacaq və girovlar 72 saat ərzində azad ediləcək."
Zəmanəti Olmayan Tələ
İspan mətbuatının aparıcı qəzetlərindən "El Pais" isə görüşü "Tramp və Netanyahunun Qəzza planı: Zəmanəti olmayan bir tələ" başlığı ilə işıqlandıraraq, verilən 72 saatın heç bir məna ifadə etmədiyini və Həmasa verilən müddətin simvolik olduğuna toxunub. Xəbərdə "Bu plan, Həmasın qeyd-şərtsiz silahı yerə qoyması üçün bir ultimatumdur" ifadələri yer alıb.
Danışıqlar Zamanı Belə Hücumlar Davam Etdi
İngilis mediasından "The Guardian" isə Tramp ilə Netanyahunun Həmasa qarşı "Planı qəbul edin, yoxsa nəticələrinə qatlaşarsınız" dediyini bildirərək, keçmiş İngiltərə Baş naziri Toni Bleyrin Qəzzadakı müvəqqəti hökumətdə yer almasına diqqət çəkib. Eyni zamanda, xəbərdə Netanyahu və Tramp danışarkən belə Qəzzada hücumların davam etdiyinin altı cizilib.
Netanyahu'nun Fərqli Planları Var
Qətər mərkəzli "Al Jazeera" kanalı isə "Tramp və Netanyahu həqiqətən Qəzza planı ilə bağlı razılığa gəldilərmi?" başlıqlı xəbərində kritik nəticələr çıxarıb. Xəbərdə "Deyilənlər ortadadır, lakin Netanyahu, Qəzzanın təhlükəsizliyi və uzunmüddətli idarəçiliyi mövzusunda plandan fərqli irəliləyə bilər" ifadələrinə yer verilib. Mətbuat konfransı zamanı Netanyahunun İsrailin başqa fikirləri olduğunu söylədiyi bildirilib: "Netanyahunun şərhləri, Trampın Qəzzanın uzunmüddətli idarəçiliyinə dair planı ilə də ziddiyyət təşkil edir. Plan, Fələstin Administrasiyasının bir sıra islahatlar tətbiq etməsi halında uzun müddətdə Qəzzanın idarəçiliyini ələ ala biləcəyini irəli sürür."
Trampın Qəzza Planı – Əsas Maddələr
1. Qəzza, qonşularına təhdid yaratmayan, radikallaşmadan azad edilmiş və terrordan tamamilə təmizlənmiş bir bölgə olacaq. Qəzza, illərdir böyük əzab çəkən Qəzza xalqının xeyrinə yenidən qurulacaq.
2. Tərəflər bu təklifi qəbul edərsə, müharibə dərhal sona çatacaq; İsrail qüvvələri girov mübadiləsi üçün hazırlanmaq məqsədilə razılaşdırılmış xəttə çəkiləcək. Bu prosesdə bütün hərbi əməliyyatlar – hava və artilleriya bombardmanı daxil olmaqla – dayandırılacaq və döyüş xətləri tamamilə sabit qalacaq.
3. İsrail bu razılaşmanı ictimaiyyətə açıq şəkildə qəbul etdikdən sonra 72 saat ərzində bütün girovlar – sağ qalanlar və vəfat edənlər – qaytarılacaq.
4. Bütün girovlar azad edildikdən sonra İsrail; 250 ömürlük məhbusu və 7 oktyabr 2023-cü ildən sonra saxlanılan 1700 Qəzzalını (bu çərçivədə həbs edilmiş bütün qadın və uşaqlar daxil) sərbəst buraxacaq. Hər bir İsrailli girovun qaytarılmış cəsədinə qarşılıq İsrail, 15 Qəzzalının cəsədini geri verəcək.
5. Bütün girovlar qaytarıldıqdan sonra, sülhsevər şəkildə birgə yaşamağı qəbul edən və silahlarını yerə qoymağı öhdəsinə götürən Həmas üzvlərinə əfv təmin ediləcək. Qəzzadan ayrılmaq istəyən Həmas üzvlərinə təhlükəsiz keçid imkanı veriləcək.
6. Bu razılaşma qəbul edildikdən sonra Qəzzaya 2025-ci ilin yanvar ayında girov razılaşmasında müəyyən edilmiş səviyyələrdən aşağı olmayacaq bir miqdarda yardım axacaq – gündə 600 yardım yük maşını, kritik infrastrukturun təmiri və dağıntıların təmizlənməsi avadanlıqlarının girişinə icazə veriləcək.
7. Yardımlar, İsrail və Həmasın müdaxiləsi olmadan, BMT və Qızıl Aypara, eləcə də İsrail və ya Həmas ilə əlaqəsi olmayan digər beynəlxalq təşkilatlar vasitəsilə paylanacaq.
8. Qəzza, əhalinin gündəlik xidmətlərini təmin etməklə vəzifələndiriləcək Fələstinli texnokratlardan ibarət müvəqqəti keçid hökuməti tərəfindən idarə olunacaq. Komitə, ABŞ-ın Arap və Avropalı tərəfdaşları ilə məsləhətləşmələr əsasında quracağı yeni bir beynəlxalq qurum tərəfindən nəzarət ediləcək. Bu qurum, Fələstin Administrasiyası islahat proqramını tamamlayana qədər Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsi üçün bir çərçivə yaradacaq.
9. Qəzzanı yenidən qurmaq üçün müasir Yaxın Şərq şəhərlərinin inşasında təcrübəli mütəxəssislərin bir araya gətirilməsini və investisiya cəlb etməyə, məşğulluq yaratmağa yönəlmiş mövcud planların nəzərə alınmasını əhatə edən bir iqtisadi plan hazırlanacaq.
10. İştirakçı ölkələr tərəfindən müzakirə ediləcək endirimli gömrük rüsumları və giriş dərəcələri ilə bir iqtisadi zona qurulacaq.
11. Qəzzadan heç kim zorla çıxarılmayacaq; lakin ayrılmağı seçənlərin geri dönməsinə icazə veriləcək. Əlavə olaraq, Qəzzalıların bölgədə qalmaları təşviq ediləcək və onlara orada daha yaxşı bir gələcək qurma fürsəti təklif olunacaq.
12. Həmasın Qəzza idarəçiliyində heç bir rolu olmayacaq. Tunellər də daxil olmaqla bütün hücum məqsədli hərbi infrastrukturun məhv edilməsi və inşa edilməsinə son qoyulması öhdəliyi veriləcək. Qəzzanın yeni liderləri qonşuları ilə sülh içində birgə yaşamağı öhdələrinə götürəcək.
13. Regional tərəfdaşlar, Həmas və Qəzzadakı digər qrupların öhdəliklərinə əməl etməsini və Qəzzanın İsrailə və öz xalqına təhdid yaratmamasını təmin etmək üçün təhlükəsizlik zəmanəti verəcək.
14. ABŞ, Arap və digər beynəlxalq tərəfdaşlarla birlikdə, Qəzzada təhlükəsizliyə nəzarət etmək məqsədilə dərhal yerləşdiriləcək müvəqqəti bir beynəlxalq sabitlik qüvvəsi yaratmaq üçün çalışacaq. Bu qüvvə, uzunmüddətli daxili təhlükəsizlik orqanı olaraq xidmət edəcək bir Fələstin polis təşkilatını quracaq və təlim keçəcək.
15. İsrail, Qəzzanı işğal və ya ilhaq etməyəcək və əlindəki mövcud bölgələri, yerinə keçən təhlükəsizlik qüvvələri Qəzza zolağında nəzarəti və sabitliyi təmin etdikcə mərhələli şəkildə təhvil verəcək.
16. Əgər Həmas bu təklifi gecikdirərsə və ya rədd edərsə, yuxarıdakı maddələr terrordan azad edilmiş bölgələrdə tətbiq olunacaq və bu bölgələr İsrail ordusu tərəfindən mərhələli şəkildə beynəlxalq sabitlik qüvvəsinə təhvil veriləcək.
17. İsrail, gələcəkdə Qətərə hücum təşkil etməyəcəyini qəbul edir. ABŞ və beynəlxalq ictimaiyyət, Dohanın Qəzza münaqişəsindəki əhəmiyyətli vasitəçilik rolunu tanıyır.
18. Xalqı radikallıqdan təmizləmək üçün bir proses yaradılacaq. Bu, İsrail və Qəzzadakı baxış bucaqlarını və nəqləri dəyişdirməyi hədəfləyən dinlərarası bir dialoqu əhatə edəcək.
19. Qəzzanın yenidən qurulması irəlilədikdə və Fələstin Administrasiyasının islahat proqramı tətbiq olunduqda, Fələstin xalqının arzusu olaraq qəbul edilən Fələstin Dövlətinə çatmaq üçün etibarlı bir yolun şərtləri yaranmış ola bilər.
20. ABŞ, İsrail ilə Fələstinlilər arasında sülh içində birgə yaşamaq mövzusunda siyasi bir gələcək müəyyən etmək məqsədilə bir dialoq başladacaq.
Oxucu Şərhləri
Şərh Yaz