Gündəm 21.11.2025

Türkiyədə 54 gün saxlanılan azərbaycanlı fəala: "Agent ol" tələbi

Türkiyədə 54 gün saxlanılan azərbaycanlı fəala: "Agent ol" tələbi

Feminist fəal Xanım Babazadə, Türkiyədə 54 gün terror ittihamı ilə saxlanıldıqdan sonra Azərbaycana deportasiya edilib və bu barədə "Toplum TV"-yə eksklüziv müsahibə verib. O, Türkiyədə yaşadığı müddətdə üzləşdiyi sınaqlar və kəşfiyyat orqanları ilə bağlı iddialarını açıqlayıb.

2023-cü ildə İstanbul Universitetinin antropologiya fakültəsinə qəbul olan Xanım Babazadə Türkiyədə fəal feminist və solçu icmaların üzvü olaraq bir sıra etiraz aksiyalarında iştirak edib.

MİT-dən agentlik təklifi və rədd cavabı

Fəalın sözlərinə görə, bu ilin avqustunda Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) onunla təmas quraraq agent olmağı təklif edib. "Dedilər ki, dostların haqqında məlumatlar istəyirik. Mən də dedim ki, sizin təklif etdiyiniz agentlikdir. Onlar isə yox, sadəcə Türkiyə Cümhuriyyətinə yardım edəcəyimi söylədilər. Mən isə agent olmağı, dostlarımı satmağı heç bir halda qəbul etmədiyimi bildirdim," – fəal xatırlayıb.

O, həmçinin qeyd edib ki, MİT əməkdaşı ona baş tutan söhbət haqqında heç bir dostuna məlumat verməməyi, əks halda dostlarına da problem yaradacağını deyib. Bu söhbətdən təxminən iki həftə sonra işlədiyi ofisə beş polis əməkdaşı daxil olaraq onu həbs edib.

Həbs anı və iddia edilən zorakılıq

Fəal polislərə MİT-dən göndərildiklərini desə də, onlar cavab verməyiblər. Yalnız polis bölməsində biləcəyini, Arnavutköyə aparıb barmaq izi aldıqdan sonra sərbəst buraxacaqlarını söyləyiblər. Lakin onu polis bölməsinə deyil, arxa küçələrlə iki mikroavtobusun dayandığı yerə gətiriblər. Xanım Babazadənin mindirildiyi mikroavtobusda özündən başqa yeddi qadın da olub.

“Məni itələyərək mindirdilər. Avtobusdakı qadınlar arasında diabet xəstələri var idi. Bizə su belə vermirdilər. Mən dedim ki, bizim su və yemək hüququmuz var. Bu zaman bir polis avtobusa mindi və xəstə qadınlardan birini təpikləməyə başladı. Mən avtobusun arxasından önünə qaçıb onu ayırmağa çalışdım. Onda polis qadını buraxıb məni döyməyə başladı. Saçımdan tutub başımın arxasına güclü zərbələr endirirdi. Hətta digər polislər avtobusa minib onu saxlamağa çalışsalar da, zorakılıq davam edib,” – Babazadə danışıb.

Qeyri-insani şəraitdə 54 gün

Saxlanılan şəxsləri gecə saat 12-də Arnavutköydən Çatalcaya gətiriblər. Burada təhvil verən polis Xanım Babazadəni göstərib təhvil alanlara "bu, terrorçudur, onu digər miqrantlara qatmayın və nəzarət edin" deyib. Fəalın saxlanıldığı təcridxanada məhbuslar dəmir çarpayılar üzərində yatmalı olublar və ümumilikdə antisanitar şərait hökm sürüb.

“Bir həftə ac qaldım, heç nə yemədim. İsti su yox idi, soyuq su ilə duş almağa məcbur idik. Elə soyuq idi ki, əlini vuranda kəsirdi. Soyuq su ilə duş aldığım üçün qaldığım altıncı gün xəstələndim. Qızdırmadan iki dəfə qıcolma keçirdim,” – o bildirib. Xanım Babazadə 54 gün saxlanıldıqdan sonra nəhayət Azərbaycana deportasiya edilib.

Deportasiya prosesi və Azərbaycandakı vəziyyət

İstanbul hava limanında dəhlizdə gözlədilən zaman Xanım Babazadə çantadan gigiyenik bez götürmək istəsə də, icazə verilməyib. Əvəzində ona çox köhnə bir gigiyenik bez verilib. Daha sonra ayaqları və qolları bağlanılıb, ağzına bütün üzünü örtəcək dərəcədə ikiqat maska taxılıb. “Bu zaman titrəməyə başladım, qadın polis də gördü ki, titrəyirəm və maskanı çıxardı, amma dedi ki, təyyarədə maskanı yenidən taxacaqlar,” – o qeyd edib.

Xanım Babazadə türk polislərinin nəzarətində Bakıya gətirilib və Dövlət Sərhəd Xidmətinə təhvil verilib. Sərhəd nəzarət xidmətinin rəisi onun pasportuna baxıb "sənə niyə bu kodu qoyublar?" deyə soruşduqda, o, etiraz aksiyasında iştirak etdiyi üçün cavabını verib. Onun sözlərinə görə, o, Azərbaycanda da izlənilib və təhlükəsizliyini təmin etmək məqsədilə ölkəni yenidən tərk edib.

"G89" kodu: Terror ittihamının simvolu?

Fəalın vəkilləri daha öncə bildiriblər ki, o, G89 inzibati məhdudiyyət kodu üzrə saxlanılıb. Bu kod isə terrorçu təşkilatlara qoşulmaq niyyətilə ölkəyə gələn əcnəbilərə verilir. Bu vəziyyət fəalın üzləşdiyi terror ittihamının ciddi olduğunu bir daha sübut edir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz