Gündəm 06.08.2025

Yaradıcı Hakim Pensiya Uğrunda Dava Edir: Sərt Hökmlərin Müəllifi

Yaradıcı Hakim Pensiya Uğrunda Dava Edir: Sərt Hökmlərin Müəllifi
Latın dilindəki “De mortuis aut bene aut nihil” ifadəsi – “Ölülər haqqında ya yaxşı danışmalısan, ya da heç nə” kimi tərcümə olunsa da, hakimlik fəaliyyəti çox zaman bu prinsipin istisnasıdır. Hətta bir şəxsin vəfatından sonra belə, onun ictimai fəaliyyəti geniş müzakirələrə açıq qalır. Uzun illər Azərbaycanın məhkəmə sistemində çalışmış Ənvər Seyidovun 2 avqustda dünyasını dəyişməsi onun hakim fəaliyyəti ətrafında yenidən düşünməyə vadar edir.

Uzunömürlü Hakim Fəaliyyəti və Çoxşaxəli Şəxsiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ənvər Seyidov 41 il hakim kimi xidmət edib. Onun karyerası bir sıra mübahisəli siyasi işlərdə verdiyi qərarlarla yadda qalıb. Hakimliklə yanaşı, Seyidov ictimai və yaradıcı fəaliyyətlə də məşğul olub. O, 1997-ci ildən “Əsilzadələr Məclisi”nin, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü kimi tanınıb. Həmçinin bir sıra bədii əsərlər yazaraq və kinematoqrafiyaya töhfələr verərək beynəlxalq mükafatlara layiq görülüb. Onun vəfatından sonra dərc olunan nekroloqlarda mərhum haqqında yüksək təriflər yazılsa da, hətta hökumətyönlü medialarda belə, onun hakim fəaliyyəti "mübahisəli" kimi xarakterizə edilib. Açıq mənbələrdən əldə olunan məlumatlara görə, Ə. Seyidovun hüquqşünas karyerası təsadüf nəticəsində başlayıb. O, əvvəlcə rabitəçi olmaq istəsə də, sənədlərinin Rabitə Texnikumunda tapılmaması səbəbindən hüquq fakültəsində təhsil almağa başlayıb. Təhsilini bitirdikdən sonra Ədliyyə sistemi, Zaqatala və Cəlilabad rayon məhkəmələri, Mərkəzi Seçki Komissiyasının təftiş qrupu, Ali Məhkəmə və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi çalışıb.

Rəhim Qazıyev İşindəki Mübahisələr

Ənvər Seyidovu ictimaiyyətin diqqətinə gətirən ilk işlərdən biri sabiq müdafiə naziri Rəhim Qazıyevin məhkəməsi olub. 1992-1993-cü illərdə müdafiə naziri vəzifəsini icra edən R. Qazıyev 1993-cü ildə dövlətə xəyanət, vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə kimi ağır cinayətlərdə ittiham olunaraq ölüm hökmünə məhkum edilib. Sonradan bu hökm ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzvlüyü prosesi zamanı siyasi məhbusların azad edilməsi əsas tələblərdən biri idi və Rəhim Qazıyev də Şuranın müstəqil ekspertləri tərəfindən təyin olunan siyasi məhbuslar siyahısına daxil edilib. Sabiq nazir uzun müddət öz işində ədalətsiz qərar çıxarıldığını iddia edərək Ənvər Seyidovu günahlandırırdı. Lakin Seyidov hər zaman bu işdə "diktəsiz və sifarişsiz" qərar verdiyini vurğulayırdı.

"Səidin Dəstəsi" və Qalmaqallı Qərarlar

Seyidovu "dillərə salan" digər bir siyasi motivli iş "Səidin dəstəsi" şərti adı ilə tanınan cinayət işidir. 2007-ci ilin yanvarında saxlanılan Səid Dadaşbəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində sədrlik edən Ənvər Seyidov Dadaşbəyli və digər 14 nəfəri Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, dini dövlət qurmağa (bəzi radikal dini cərəyanlar, məsələn, sələfi təriqətindən olanlar) və terror aktları törətməyə cəhddə təqsirli bilərək 13-14 il müddətinə azadlıqdan məhrum edilmələrinə dair hökm çıxarıb. Məhkəmə baxışı zamanı hakim müdafiə tərəfindən bir sıra qeyri-prosessual hərəkətlərdə, o cümlədən Dadaşbəylinin yaxınlarını hədələməkdə, istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin həmin dövrdəki rəhbərinə "vicdanlı və ləyaqətli" fəaliyyətə görə əməkdaşların mükafatlandırılmasını xahiş edən məktub yazmaqda ittiham edilib. Yeri gəlmişkən, bu, Ənvər Seyidovun ünvanına səsləndirilən ilk ittihamlar deyildi. Bakı şəhər prokurorluğunun sabiq müstəntiqi Nağıyev Seyidovu rüşvətxorluqda ittiham edirdi. Yerli və beynəlxalq insan hüquqları təşkilatları "Səidin dəstəsi"nin fiqurantlarını istintaq və məhkəmə tərəfindən hüquqlarının pozulmasını və işin siyasi motivli olmasını əsas gətirərək siyasi məhbus kimi tanımışdılar. Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci ildə çıxardığı qərarla Dadaşbəylinin Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun (açıq dinləmənin olmaması) pozulduğuna dair qərar çıxarıb.

"Heykəl Məhbusları" Və Siyasi Motivlər

Ənvər Seyidovun hakim fəaliyyətini ictimai müzakirəyə çıxaran daha bir iş "heykəl məhbusları" kimi tanınan Qiyas İbrahimovun işidir. 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla saxlanılan İbrahimov Ə. Seyidovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmü ilə Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq təşkilatlar Q. İbrahimovu siyasi məhbus kimi tanıdı. 2020-ci ildə Avropa Məhkəməsi İbrahimovun və Məmmədovun işində Konvensiyanın bir neçə maddəsinin pozuntusuna dair qərar verdi. Bu qərarı vacib edən amillərdən biri Məhkəmənin Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanımasıdır. Bu maddəyə əsasən, sənəddə qeyd edilən hüquq və azadlıqlarla bağlı məhdudiyyətlər nəzərdə tutulan məqsədlərdən savayı istifadə edilməməlidir. Məhkəmənin qənaətinə əsasən, ərizəçilərin Konvensiyanın 5-ci maddəsi ilə təmin edilən hüquqlarına tətbiq edilən məhdudiyyət Konvensiyada göstərilən məqsədlər üçün deyil, onların keçmiş prezidentin heykəlinə yazılmış siyasi məzmunlu qrafiti çəkdiklərinə görə cəzalandırılması, yəni siyasi motivli olub. Hazırkı dövrə qədər ərizəçilərin işi Azərbaycana münasibətdə bu maddənin pozuntusu tanınan 11 işdən biridir. Ənvər Seyidovun Qiyas İbrahimovla bağlı çıxardığı hökm və həmin hökmün yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılması ilə bağlı şikayət isə Avropa Məhkəməsində kommunikasiya edilib və qərarın elanı gözlənilir.

Ziddiyyətli Şəxsiyyət və Hakimiyyətin Faciəsi

Seyidovu yerli məhkəmə sistemində dövlət ittihamının "icraedici qolu" kimi səciyyələndirmək mümkündür. Qiyas İbrahimovun işində dövlət ittihamçısının fəala 9 il azadlıqdan məhrumetmə cəzası tələb etdiyi halda, 1 il artıq cəza kəsməsi, Səid Dadaşbəylinin yaxınlarını hədələməsi, bu işin istintaqını aparan mübahisəli və ləğv edilmiş quruma təşəkkür dolu məktub yazması, Rəhim Qazıyevlə illərlə davam edən ittiham dolu mükalimələr buna misal ola bilər. Maraqlı bir məqam isə Ənvər Seyidovun şəxsiyyətinin digər cəhətidir. Dadaşbəylinin işində yaxınlarına işin araşdırılmasında sadəcə "icraçı" olduğunu bildirməsi, ədəbi və bədii fəaliyyətə meyli və hətta bir neçə roman yazması, ictimai həyatda aktiv iştirakı – onun ziddiyyətli xarakterinə özünəməxsus kolorit qatır. Ənvər Seyidov Azərbaycanda hakimliyin dərin faciəsinin ən parlaq nümunələrindən biridir. Lakin bu, bir nəfərin şəxsi taleyindən kənara çıxan, ictimai-siyasi miqyası alan faciədir. Məhkəmə hakimiyyətinin konstitusion müstəqilliyinin təmin edilmədiyi sistemdə hakimlər sadəcə icra hakimiyyətinin siyasi iradəsinin subyektinə çevrilirlər. Burada artıq hakimin şəxsiyyəti, hobbiləri, şəxsi həyatı və hakimliyə aid olmayan heç bir məqam ictimaiyyət üçün əhəmiyyətli olmur, çünki həmin şəxs insanların gözündə qəbul etdiyi ədalətsiz qərarlarla qalır. Lap istəsəniz Flora Kərimova üçün mahnı bəstələyin, xronikalarda sərt və ədalətsiz qərarlar verən və pensiyaya ayrıldıqdan sonra pensiya üzərində məişət mübahisəsi edən hakim kimi əbədiləşəcəksiniz. Bu təsadüf idimi, o, yaşı çatdığına görə pensiyaya göndəriləndən sonra daha narahat edilməməsini və haqqında nəsə yazılmamasını istəyirdi. “Mən jurnalistlərə, açıqlamalara narahat oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim yetərlidir”, – deyə o, yerli mediaya müsahibəsində sanki unudulmaq arzusunu dilə gətirirdi. Onun unudulmaq istəyi, unudulmaq hüququndan irəli gəlmirdi... Nasist Almaniyasının vacib fiqurlarından sayılan Adolf Eyxmanın 1963-cü ildə keçirilən məhkəmə proseslərindən reportaj hazırlayan filosof Hanna Arendt "şərin banallığı" barədə öz qeydlərini aparmışdı. Arendtə görə, böyük faciələrə gətirəcək hərəkətlərin edilməsi insanın daxilində olan şər qüvvədən deyil, sadə əmrlərə əməl edilməsindən qaynaqlanır... Təkcə qanunsuz əmr verənlər deyil, həmin əmrləri həvəslə və qüsursuz icra edənlər də tarixin həmişə diri yaddaşında əbədi olaraq qalacaq. Hakim fəaliyyəti kontekstində bu, xüsusilə aktuallığını qoruyur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz