Pakistanın iqlim dəyişikliyi naziri ölkənin üzləşdiyi “ədalətsizlik böhranı” və “vəsaitlərin qeyri-mütənasib bölgüsü”nü sərt şəkildə tənqid edib. Bu bəyanat son leysan yağışları və sel fəlakətlərinin daha çox ziyan, dağıntı və insan tələfatına səbəb olması fonunda səsləndirilib. Rəsmi məlumatlara görə, musson mövsümünün əvvəlindən bəri Pəncab və Xeybər Paxtunxva əyalətlərində azı 32 nəfər həyatını itirib. Keçən ay da şiddətli fırtınalar nəticəsində 32 nəfər həlak olmuşdu. Bu, ölkənin yaz aylarında baş verən güclü dolu fırtınaları da daxil olmaqla, artan sayda ekstremal hava hadisələri ilə mübarizə apardığını göstərir.
2025-ci ilin İqlim Riski İndeksi hesabatında Pakistan 2022-ci ilin məlumatlarına əsasən ən çox zərər çəkən ölkələrin siyahısında birinci yerdə göstərilib. Həmin il genişmiqyaslı daşqınlar ölkənin təxminən üçdə birini su altında qoymuş, 33 milyon insana təsir etmiş, 1700-dən çox insanın ölümünə, 14.8 milyard dollarlıq zərərə və 15.2 milyard dollarlıq iqtisadi itkilərə səbəb olmuşdu. Ötən il də minlərlə insanı təsir edən daşqınlar və təxminən 600 nəfərin ölümünə yol açan istilər qeydə alınmışdı. Ölkənin iqlim dəyişikliyi naziri Musadiq Malik Al Jazeera-ya verdiyi açıqlamada deyib: “Mən bunu bir iqlim dəyişikliyi böhranı kimi deyil, ədalət böhranı kimi görürəm. Danışdığımız bu qeyri-mütənasib yaşıl maliyyələşdirmənin ayrılmasına maliyyə boşluğu kimi deyil, əxlaqi boşluq kimi baxıram.”
Qeyri-Bərabər Maliyyələşdirmə və İqlim Fəlakətləri
Bu ilin əvvəlində ölkənin mərkəzi bankının keçmiş rəhbəri bildirmişdi ki, ölkə qlobal karbon qazı emissiyalarının cəmi yarım faizindən məsul olsa da, qarşıdan gələn iqlim dəyişikliyi çağırışlarını qarşılamaq üçün 2050-ci ilə qədər illik 40-50 milyard dollar investisiyaya ehtiyac duyur. 2023-cü ilin yanvarında çoxtərəfli maliyyə qurumları və ölkələr tərəfindən təxminən 10 milyard dollar dəyərində vəsait vəd edilmişdi. Növbəti il bu vədlərə qarşı beynəlxalq kreditorlardan 2.8 milyard dollar alınmışdı. Beynəlxalq Valyuta Fondu bu il ölkənin 28 aylıq yeni iqlim dayanıqlığı kredit proqramı çərçivəsində 1.3 milyard dollar alacağını bəyan etsə də, nazir Malik bu vədlərin və kreditlərin mövcud vəziyyət üçün yetərli olmadığını vurğulayıb.
Malik qeyd edib ki, dünyadakı karbon emissiyalarının 45 faizi iki ölkənin (Çin və Amerika Birləşmiş Ştatları) payına düşür. Dünyanın ilk 10 ölkəsinin karbon yükünün təxminən 70 faizini təşkil etdiyi də hamıya məlumdur. Lakin yaşıl vəsaitlərin 85 faizi məhz bu 10 ölkəyə ayrılır, dünyanın qalan 180-ə yaxın ölkəsi isə cəmi 10-15 faiz pay alır. Nazir əlavə edib: “Biz bunu qeyri-sabit hava dəyişiklikləri, daşqınlar, kənd təsərrüfatının dağılması ilə ödəyirik.”
Ötən il iqlim nazirliyi və İtaliyanın EvK2CNR tədqiqat institutu tərəfindən aparılan araşdırmaya görə, Pakistanda 13 mindən çox qleyser var. Lakin temperaturun tədricən artması bu qleyserlərin əriməsinə səbəb olur ki, bu da daşqın riskini, infrastrukturun zədələnməsini, insan və torpaq itkisini, icmalara təhlükəni və su qıtlığını artırır. Hesabatda deyilir ki, qleyserlərin əriməsi nəticəsində yaranan daşqınlar (Sindh əyalətində) min illik sivilizasiyanı, məscidləri, məbədləri, məktəbləri, xəstəxanaları, qədim binaları, abidələri, hər şeyi silib süpürmüşdür. Buna təhsilə və səhiyyəyə çıxışın itirilməsi, içməli su çatışmazlığı, su vasitəsilə yayılan xəstəliklər, xəstəxanalara və klinikalarra çıxışın olmaması, körpə ölümü əlavə olunur.
Keçən ay "Amnesty International" təşkilatı hesabatında bildirib ki, ölkənin səhiyyə və fəlakətlərə qarşı mübarizə sistemləri iqlim dəyişikliyi ilə əlaqəli ifrat hava hadisələri zamanı ölüm və xəstəlik riskinin ən yüksək olduğu uşaqların və yaşlıların ehtiyaclarını qarşılaya bilmir. "Amnesty International"ın Böhranlara Qarşı Cavab Proqramının tədqiqatçısı Laura Mills isə deyib: “Pakistanda uşaqlar və yaşlılar iqlim böhranının ön cəbhəsində əziyyət çəkirlər, şiddətli istiyə və ya daşqınlara məruz qalaraq qeyri-mütənasib ölüm və xəstəlik səviyyələri ilə üzləşirlər.”