25 yaşlı Bell, 26 iyul 1959-cu ildə Antarktika yarımadası sahillərində buzlaqlar üzərində apardığı araşdırma zamanı təxminən 30 metr dərinliyindəki buz yarığına düşərək həlak olmuşdu. Uzun illərdir ondan xəbər alınmasa da, bölgədəki buzlaqların geriyə çəkilməsi ilə Bellin aqibəti üzə çıxdı.
London doğumlu Bell FIDS (Falkland Adaları Bağımlılıkları Araştırma Kurumu) təşkilatında meteorologiya mütəxəssisi və radiooperatoru vəzifəsində çalışırdı. Macəraçı ruhu ilə tanınan gənc tədqiqatçı, iki illik vəzifə müddətində Kral Corc Adasındakı Admiralti Körfəzi bazasında fəaliyyət göstərirdi. Bazaya şən əhval-ruhiyyə gətirən zarafatları, teatr sevgisi, yemək həvəsi və istedadlı, lakin dağınıq aşpazlığı ilə yadda qalmışdı.
Xilasetmə Cəhdləri Boşa Çıxdı
Qəza baş verən gün Bell və həmkarı Ceff Stouks itlərin çəkdiyi xizəklərlə buzlaqda irəliləyirdilər. İtləri motivasiya etmək üçün irəli keçən Bell xizəklərini çıxardı və bir anda gözdən itdi. Stouks təxminən 30 metr aşağıya salladığı kəndirlə Belli xilas etməyə çalışdı, lakin Bell kəmərindən bağladığı kəndirin yuxarı çəkilərkən qırılması nəticəsində ikinci dəfə düşdü. Bu dəfə o, səs vermədi və xilasetmə cəhdləri nəticəsiz qaldı.
Qalıqlar Aşkarlanıb, Şəxsi Əşyalar Tapıldı
Uzun illər boyu tapılmayan Bellin qalıqları 2025-ci ilin yanvarında Henrix Arktovski Polşa Antarktika Stansiyası tərəfindən Admiralti Körfəzi yaxınlığında aşkar edildi. Əriyərək geriyə çəkilən buzlağın altından çıxan sümüklər BAS-a məxsus "Ser Devid Attenboro" tədqiqat gəmisi ilə Falkland Adalarına, oradan da Londona gətirildi.
Kral Kollecindən professor Deniz Sindekom Kourtun apardığı DNT testi, sümüklərin Bellin qardaşı Devid Bell və bacısı Valeri Kelli ilə "bir milyarddan çox ehtimalla" qohum olduğunu təsdiqlədi. Qalıqlarla birlikdə Bellə aid olduğu müəyyən edilən 200-dən çox şəxsi əşya da tapıldı. Bunlar arasında radio avadanlıq hissələri, əl fənəri, xizək çubuqları, İsveç istehsalı "Mora" bıçağı, üzərində adı həkk olunmuş "Erguel" markalı qol saatı və qəlyan sapı yer alırdı.
Ailənin Uzun Çəkən Həsrəti Sonlandı
Bellin qardaşı Devid Bell “Onu evə gətirmək, bu faciəvi itki ilə barışmağımıza kömək etdi. İndi biz onu nəhayət son mənzilə yola sala biləcəyik” dedi. Təəssüflər olsun ki, hadisə günü yanında olan Ceff Stouks bu xəbəri eşitmədən beş həftə əvvəl dünyasını dəyişdi.
BAS direktoru professor Dame Ceyn Frensis isə “Dennis, Antarktikanın erkən kəşfiyyat dövründə cəsarətlə xidmət etmiş FIDS əməkdaşlarından biri idi. Onun tapılması uzun müddətdir davam edən sirri açdı və Antarktika elmi tarixindəki insan hekayələrini bizə xatırlatdı” ifadələrini işlətdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz