Dünya 18.08.2025

Paşinyan: Ən dəyərli kimi qorumalıyıq

Paşinyan: Ən dəyərli kimi qorumalıyıq

Paşinyan: Azərbaycanla qurulan sülhə ən dəyərli varlığımız kimi qayğı göstərməliyik

Ermənistanın Baş naziri Nikol Paşinyan millətə müraciətində Azərbaycanla qurduqları sülhə, malik olduqları ən dəyərli şey kimi qayğı göstərməli olduqlarını bildirərək, "Bu, yeni bir həyatdır. Tarixin yeni bir mərhələsidir", – deyib. Vaşinqtonda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında qarşılıqlı öhdəlikləri qeydə aldıqlarını vurğulayan Paşinyan, nəqliyyat kommunikasiyalarının açılması məsələsinə xüsusi önəm verdiklərini söyləyib. Paşinyan qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz kommunikasiyanın təmin olunması Ermənistan üçün beynəlxalq səviyyədə tanınmış kommunikasiya zəmanətləri və əməkdaşlıq üçün yeni perspektivlər deməkdir.

Hər cür qisas cəhdini rədd etdik

Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında düşmənçilik səhifəsini bağlamaq mövzusunda razılığa gəldiklərini deyən Paşinyan bunları dilə gətirib: "Sərhədlərin dəyişdirilməsi məqsədi ilə güc tətbiqinin qəbuledilməzliyi prinsipinin şərtsiz olduğunu və yenidən nəzərdən keçirilə bilməyəcəyini bəyan etdik. Bu, xalqlarımız üçün düşmənçiliyi geridə qoyub yaxşı qonşuluq əlaqələri qurmaq istiqamətində tarixi bir fürsətdir. Bu gün və gələcəkdə hər cür qisas cəhdini qəti şəkildə rədd etdik." Paşinyan, "Ermənistan ilə Azərbaycan arasında sülh təsis edilmişdir. 8 avqustdan etibarən biz tamamilə yeni bir reallıqda yaşayırıq. Bu, yeni bir Cənubi Qafqazdır, bu, yeni bir Ermənistan Respublikasıdır. Və bu reallığı dərk etməliyik", – deyib.

Sülh bizim üçün yad bir anlayışdır

Müstəqilliyin ilk günlərindən bəri münaqişə atmosferində yaşadıqlarını xatırladan Paşinyan, "Bu hal bizim üçün tanış olmayan, bir çox cəhətdən yad bir anlayışdır. Lakin sizi bu anın əhəmiyyətini kiçiltməməyə çağırıram. Bu gün bizlərin, köhnə səhifələri bağlamaq və yeni səhifələr – istehsal və inkişaf səhifələrini açmaq imkanı vardır", – deyə qeyd edib. Paşinyan heç kimin bu vəziyyəti laqeyd yanaşmaq hüququna malik olmadığını vurğulayaraq, sözlərini belə davam etdirib: "Azərbaycanla Ermənistan arasında təsis edilən sülhə hər gün, malik olduğumuz ən dəyərli şey kimi qayğı göstərməliyik. Bu, yeni bir həyatdır. Tarixin yeni bir mərhələsidir. Biz artıq yeni şəkildə yaşamalıyıq. Təfəkkürümüzü, dilimizi, ictimai vərdişlərimizi, dövlət yanaşmalarımızı, iqtisadi modellərimizi dəyişdirməliyik. Çünki belə bir vəziyyət fərqli bir məntiq, fərqli bir psixologiya tələb edir."

İnanılmaz fürsət

Vaşinqtonda əldə edilən razılaşma ilə 30 ildən artıqdır təcrid vəziyyətində olan Ermənistanın inanılmaz fürsət əldə etdiyini bildirən Paşinyan bunları qeyd edib: "Ermənistan ilə Azərbaycan arasındakı nəqliyyat kommunikasiyaları ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında açılacaq. Biz daha əvvəl sərhəd keçidinin asanlaşdırılmasına hazır olduğumuzu bəyan etmişdik. Bu məsələ, gələcək ətraflı danışıqların mövzusu olacaq. Lakin bu, heç bir yeni təhdid ehtiva etmir. Çünki Vaşinqton deklarasiyasında qarşılıqlılıq prinsipi qeydə alınmışdır. Bu da Azərbaycanla tarazlıqlı və qarşılıqlı məqbul həll yolları tapılacağının təminatıdır." Paşinyan, iki ölkə arasındakı bəzi mübahisəli ərazilərin sərhədlərin müəyyənləşdirilməsi və delimitasiyası prosesində həll ediləcəyini bildirib.

Qarabağ ermənilərinin qayıtması real deyil və sülh üçün təhlükəlidir

Qarabağ məsələsinin bəzi dairələr tərəfindən Ermənistanın müstəqilliyini və dövlətçiliyinin inkişafına mane olmaq üçün bir vasitə kimi istifadə edildiyini vurğulayan Paşinyan, "Qaçqınların (Qarabağ ermənilərinin) Azərbaycana qayıtması real deyil və sülh üçün təhlükəlidir. Ermənistan, beynəlxalq ictimaiyyətlə birlikdə onlar üçün ölkəmizdə yaşayış və inteqrasiya şərtlərini yaratmalıdır", – deyib. Paşinyan, əldə etdikləri sülhün hər gün qorumaları lazım olan yeni bir reallıq olduğunu söyləyərək çıxışını belə tamamlayıb: "Sülh təsis edilmişdir və bizim vəzifəmiz ona qayğı göstərmək, onu gücləndirmək və tədricən daha institusional bir formaya çevirməkdir. Bu, Ermənistanın müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin qorunmasının, bizim və uşaqlarımızın azad və xoşbəxt bir ölkədə yaşamasının təminatıdır."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz