Böyük Britaniya Baş naziri Keir Starmerin evinə qarşı törədilən yanğın cəhdi ilə bağlı istintaq çərçivəsində daha bir şəxs saxlanılıb.
Az24saat.org "Musavat.com"a istinadla xəbər verir ki, "The Guardian"ın məlumatına görə, 26 yaşlı kişi şənbə günü Londondakı Luton hava limanında, yerli vaxtla saat 13:45-də polis tərəfindən yaxalanıb.
London polisinin antiterror bölməsi tərəfindən həyata keçirilən əməliyyatda şübhəli şəxsin insanların həyatına təhlükə törədə biləcək şəkildə qəsdən yanğın törətməyə hazırlaşdığı bildirilib. Hazırda həmin şəxs dindirilir.
Starmerin evinə hücumla bağlı istintaq genişlənir
Xatırladaq ki, 13 may tarixində London polisi Baş nazir Keir Starmerin şəxsi evində baş verən yanğınla bağlı cinayət işi açmışdı. Hadisə 12 mayda Londonun şimalında baş vermiş, lakin xəsarət alan olmamışdı.
Daha əvvəl isə 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç bu iş üzrə həbs edilmişdi. "Bloomberg"ə görə, ona qarşı üç maddə üzrə – qəsdən yanğın törətmə və insanların həyatına təhlükə yaratmaq ittihamları irəli sürülüb.
Hadisə Böyük Britaniya ictimaiyyətində ciddi narahatlıq doğurub və dövlət rəhbərlərinin təhlükəsizliyinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlara səbəb olub.
💬 Şərh yazın