İlk vəsatət: Sağlamlıq problemləri
Ötən prosesdə hakim Ələsgər Məmmədlinin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək bu vəsatəti təmin etməmişdi. Müdafiə tərəfi isə bu dəfə məhkəməyə müvafiq tibbi arayış təqdim edib.
Yenidən müraciət və tibbi rəy
Tibbi müayinələr nəticəsində Ələsgər Məmmədlinin qalxanvari vəzisində 23,17 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və mədəaltı vəzi ilə bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkarlanıb. Ələsgər Məmmədli özü də çıxış edərək səhhətinin günahsızlığını müdafiə etməsinə mane olduğunu bildirib.
“İstəməzdim burada səhhətimə görə vəsatət qaldırım. Mən onsuz da günahsızam, nəinki mən, buradakıların hamısı günahsızdır. Mən burada öz günahsızlığımı sonuna qədər müdafiə etməyə də hazıram. Ancaq səhhətimdəki problem buna mane olur,” – deyə Ələsgər Məmmədli vurğulayıb.
Məzuniyyət və insanlıq məsələsi
Məhkəmədə hakimlərin bir aylıq məzuniyyətə çıxması məlum olub. Hüquqşünas bu müddət ərzində ev dustaqlığına buraxılmasını xahiş edib. “Heç olmasa, siz məzuniyyətdəykən həbsim ev dustaqlığı ilə əvəzlənsə, əməliyyat oluna bilərəm. Hətta sonrasında yenə məhkəməyə təcridxadan gedib-gələrəm. Burada tək hüquqi yox, insanlıq, vicdan məsələsi də rol oynayır,” – deyə Ələsgər Məmmədli məhkəmə heyətinə müraciətində bildirib. O, həbs olunandan sonra şəkərli diabet və yüksək təzyiq xəstəliyinə tutulduğunu da qeyd edib. Bildirib ki, həbsinə qədər bu xəstəliklərdən heç birindən əziyyət çəkməyib.
Təmin olunmayan vəsatətlər
Dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülməsinə etiraz etmədiyini desə də, müşavirədən qayıdan hakimlər ev dustaqlığı barədə vəsatəti təmin etmədiklərini bəyan ediblər.
Ələsgər Məmmədli daha sonra avtomobilinin üzərinə həbs qoyulmasına etiraz edib. Hüquqşünas bunun qanunazidd olduğunu vurğulayıb: “Mənim avtomobilim bir ildən çoxdur ki, bilinmir harada, hansı şəraitdə saxlanılır. Düşünürəm ki, mənim ailəmin ondan istifadə etmək hüququ var. Bu müddət ərzində onlar taksilərə 2000 manatdan çox pul xərcləyiblər. Bu da bizim üçün ödənilməyəcək bir zərərdir.” Hüquqşünas əlavə edib ki, avtomobil ortaq ailə büdcəsi ilə satın alınıb və həyat yoldaşının da onun üzərindəki mülkiyyət və istifadə hüququ pozulub. Məmmədlinin bu vəsatəti də təmin olunmayıb.
Növbəti proses və "Toplum TV" təqibləri
Növbəti proses sentyabrın 8-nə təyin edilib. Toplum TV işi üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz