Gündəm 14.07.2025

Suriya: Dürzilər və Sünnilər arasında toqquşma

Suriya: Dürzilər və Sünnilər arasında toqquşma

Məzhəb Zəminində Gərginlik

Suriyanın cənubundakı Süveyda vilayətində məzhəb zəminində yaranan gərginlik şiddətli toqquşmalara çevrilib. 11 İyul Cümə günü bir Dürzi tacirin Bədəvi nəzarət məntəqəsində qarət edilərək qaçırılmasından sonra başlayan hadisələrdə, Dürzi qruplarla Sünni Bədəvi tayfaları arasında silahlı münaqişələr baş verib. Toqquşmaların Süveyda şəhər mərkəzinə və kənd bölgələrinə yayıldığı bildirilir.

Toqquşmalarda Ölənlərin Sayı

London mərkəzli Suriya İnsan Haqları Müşahidə Təşkilatı son 24 saat ərzində baş verən toqquşmalarda, aralarında bir uşağın da olduğu azı 50 nəfərin həyatını itirdiyini açıqlayıb. Həlak olanlar arasında 10 Bədəvi qəbilə üzvü, 34 Dürzi döyüşçüsü və 6 Suriya ordusu personalının olduğu qeyd edilib.

Rəsmi Reaksiya və Hücum İddiaları

Suriya mətbuatı və yerli mənbələr Bədəvi tayfalarına bağlı silahlı qrupların Süveyda'nın qərb və şimalındakı Dürzi kəndlərinə hücumlar təşkil etdiyini bildirib. Hadisələrdən sonra Suriya Müdafiə Nazirliyi gərginliyi nəzarətə almaq məqsədilə təhlükəsizlik qüvvələrinin bölgəyə cəlb edildiyini açıqlayıb. Lakin müdaxilə yerli Dürzi cəmiyyətinin müqaviməti ilə üzləşib.

Suriya Daxili İşlər Nazirliyindən verilən bəyanatda “rəsmi qurumların olmaması” səbəbindən böhranın dərinləşdiyi və mövcud təhlükəsizlik boşluğunun gərginliyi daha da artırdığı qeyd edilib. Nazirlik toqquşmaların dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Müdafiə Nazirliyi isə ordunun münaqişələri “sürətli və qətiyyətli şəkildə yatırmaq” üçün bölgəyə yerləşdiyini bildirərək, bütün tərəfləri təmkinli olmağa və səlahiyyətlilərlə əməkdaşlığa çağırıb.

Dürzi Ruhani Rəhbərliyindən Sərt Bəyanat

Suriyada Dürzi icmasının ən yüksək dini səlahiyyətlisi olan Ünitari Dürzi Müsəlmanları Ruhani Rəhbərliyi, Suriya təhlükəsizlik qüvvələrinin Süveydaya müdaxiləsini sərt şəkildə rədd edib. Açıqlamada, “təhlükəsizliyi təmin etmək” bəhanəsi ilə vilayətə daxil olan qüvvələrin Dürzi kəndlərini bombalamağa davam etdiyi və Bədəvi qrupları ağır silahlar, eləcə də pilotsuz uçuş aparatları ilə dəstəklədiyi iddia edilib.

Ruhani rəhbərlik, “Bölgəmizə və xalqımıza qarşı hücumlarda iştirak edən hər kəsi və bu qüvvələrin bölgəyə daxil olmasına icazə verməyə çalışanları tamamilə məsuliyyətli hesab edirik” bəyanatı ilə beynəlxalq ictimaiyyətə müdafiə çağırışını təkrarlayıb.

Sosial mediada yayılan, lakin müstəqil mənbələr tərəfindən təsdiq edilməyən videolarda, Dürzi ruhani lider Şeyx Hikmət əl-Hicriyə bağlı olduğu iddia edilən silahlı qrupların Suriya ordusu və təhlükəsizlik personalını ələ keçirdiyi və onlara qarşı fiziki güc tətbiq etdiyi görünür.

24 saat