Dünya 02.07.2025

TƏCİLİ: AVROPA GƏRGİNLİKDƏDİR SOYUQ MÜHARİBƏ HAZIRLIĞI BAŞLADI SƏNGƏRLƏR QAZILIR

TƏCİLİ: AVROPA GƏRGİNLİKDƏDİR SOYUQ MÜHARİBƏ HAZIRLIĞI BAŞLADI SƏNGƏRLƏR QAZILIR

Şərqi Avropa son ilların ən gərgin dövrlərindən birini yaşayır. Bu bölgə ölkələri öz sərhədlərinə beton səngərlər, tank xəndəkləri və yüksək texnologiyalı müdafiə sistemləri quraraq xalqlarını müharibə psixologiyasına hazırlayır.

"Financial Times" qəzetinin məlumatına görə, Finlandiya 200 kilometrlik sərhəd hasarı inşa edir. Baltik ölkələri isə Rusiya və Belarus sərhədlərini qorumaq üçün "Baltik Müdafiə Xətti"ni qurur. Polşa isə 1945-ci ildən bəri ən böyük layihəsi olan 2.3 milyard avroluq "Şərq Qalxanı"nı həyata keçirir.

Sərhədlərdə Gücləndirilmiş Müdafiə

Avropanın şərqindəki NATO ölkələri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra yeni bir hücum ehtimalına qarşı ayıq-sayıq vəziyyətdədirlər. Finlandiya, Estoniya, Latviya, Litva və Polşa sərhəd bölgələrində genişmiqyaslı istehkam işlərinə başlayıblar. Beton səngərlər, tank xəndəkləri, minalanmış ərazilər və yüksək texnologiyalı müşahidə sistemləri ilə qurulan bu yeni müdafiə xətti Moskvanın genişlənmə ehtimalına qarşı yaradılır.

Finlandiya Rusiya sərhədində 200 kilometrlik hasar inşa edir, Baltik ölkələri isə “Baltik Müdafiə Xətti” adlandırdıqları 600 mil uzunluğunda bir müdafiə layihəsi ilə sərhədlərini faktiki olaraq qalaya çevirirlər. Polşa isə "Şərq Qalxanı" layihəsi ilə 1945-ci ildən bəri ən böyük sərhəd müdafiəsini həyata keçirir.

Finlandiyanın Geniş Hazırlıqları

NATO-ya 2023-cü ildə qatılan Finlandiya, Sovet İttifaqına qarşı apardığı Qış Müharibəsi təcrübəsindən bəri şərq təhlükəsinə qarşı hazırlıqlarını heç vaxt dayandırmayıb. Ölkə hələ də icbari hərbi xidməti davam etdirir. 280 min nəfərlik döyüş gücünün yalnız 10 faizi peşəkar əsgərlərdən ibarətdir. Əhalisi cəmi 5.6 milyon olan ölkədə 900 min ehtiyatda olan əsgər var.

Finlandiya Rusiyanın hücumu halında səngərlərə çəkilməyə və düşməni bataqlıqlara, meşələrə yönləndirməyə hazırdır. Ölkədə nüvə hücumuna qarşı 4.4 milyon nəfərlik sığınacaq, 6 ay yetəcək qədər yanacaq və 9 ay yetəcək qədər taxıl ehtiyatı mövcuddur.

Danimarkada Qadınlara Məcburi Hərbi Xidmət Qərarı

Danimarka isə Skandinaviya ölkələri arasında qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü ölkə olaraq mühüm bir addım atdı. Mütəxəssislər bunu müharibəyə hazırlıq kimi qiymətləndirərkən, parlamentdə 11 iyun tarixində qəbul edilən yeni qanuna əsasən, 1 iyul 2025-ci ildən etibarən 18 yaşını tamamlamış bütün qadınlar da kişilərlə birlikdə məcburi hərbi xidmətə cəlb olunacaqlar.

Baltik Ölkələrinin Təxliyə Planları

Estoniya, Latviya və Litva NATO-nun ən həssas xətti olan şərq sərhədlərində istehkam işlərini sürətləndiriblər. Sovet dövründə ilhaq edilmiş bu ölkələr Rusiyanın yenidən ekspansionist siyasət yürütməsindən ehtiyat edirlər.

Litva həm Rusiyaya məxsus Kalininqrad vilayəti, həm də Belarusla sərhəddə yerləşir. Ən kritik nöqtə isə cəmi 100 kilometr uzunluğunda olan Suvalki Dəhlizidir. Bu dar dəhliz Baltik ölkələrinin Qərblə quru əlaqəsini təmin edir. Rusiya və Belarusun bu xətti kəsməsi halında, Baltik ölkələri təcrid oluna bilər.

Hər üç ölkə də hərbi xərclərini ABŞ prezidenti Donald Trampın qeyd etdiyi kimi ÜDM-in 5 faizinə çatdırmağa hazırlaşır. Litva 17 min 500 nəfərlik milli ordu qurmağı hədəfləyərkən, Latviya məcburi hərbi xidməti bərpa etdi, Estoniya isə 600 istehkam nöqtəsinin inşasına başladı. Bu üç ölkə, həmçinin, ortaq bir kütləvi təxliyə planı üzərində də işləyir.

Polşada Səfərbərlik Çağırışı

Polşa 2.3 milyard avroluq "Şərq Qalxanı" layihəsi ilə şərq sərhədlərini hərbi divara çevirir. Bu çərçivədə tank tələləri, dron əleyhinə sistemlər, gecəgörmə kameraları, xəndəklər və minalanmış ərazilər yaradılır.

Baş nazir Donald Tusk ordunun 500 min əsgərə çatdırılmasını və bütün kişi vətəndaşlar üçün məcburi hərbi təlimlərin planlaşdırıldığını elan etdi. Bundan əlavə, Polşa uzaqmənzilli raket sistemləri alaraq zərurət yarandığı təqdirdə Rusiya ərazilərini də vura biləcək imkanlara sahib olmağı hədəfləyir.

ABŞ rəsmiləri Polşanı və Baltik ölkələrini "nümunəvi müttəfiq" adlandırırlar. Lakin ABŞ prezidenti Donald Trampın NATO-nun 5-ci maddəsi ilə bağlı şübhə doğuran açıqlamaları bölgədəki narahatlıqları artırır.

İttifaqın Taleyi və Gələcək Ssenarilər

Digər tərəfdən, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Putinin Ukraynada qazanc əldə edəcəyi təqdirdə növbənin Baltik ölkələrinə çatacağı barədə xəbərdarlıq edir. Lakin əsas qorxu ABŞ-ın NATO öhdəliklərindən uzaqlaşmasıdır.

Mütəxəssislərin fikrincə, Avropanın şərqində qazılan hər bir səngər təkcə bir müdafiə xətti deyil, əslində Qərbin qətiyyətini sınaqdan keçirən Putinə verilmiş səssiz bir mesajdır. Soyuq müharibədən sonra sülhə alışan qitə indi səssizcə müharibənin ayaq səslərinə hazırlanır. Və bu dəfə məsələ təkcə torpaq deyil, ittifaqların geosiyasi taleyidir.

24 saat