Hindistanın paytaxtı Yeni Dehliyə yaxın ərazidə keçən ay baş verən
Air India təyyarə qəzası ilə bağlı istintaq dərinləşir. ABŞ rəsmilərinin ilkin araşdırmalarına əsaslanan təəccüblü nəticələr açıqlanıb. "Wall Street Journal" qəzetinə görə, faciəyə "Boeing 787 Dreamliner"ın texniki nasazlığı deyil,
pilot səhvi səbəb ola bilər: iddia olunur ki, təyyarənin hər iki mühərrikinə yanacaq axınını təmin edən əsas şalterlər bağlı imiş.
"Misli Görülməmiş Bir Hadisə"
Hindistan
Mülki Aviasiya rəsmisi Murlidhar Mohol qəza ilə bağlı verdiyi açıqlamada "Hər iki mühərrikin eyni anda dayanması indiyə qədər rast gəlinməmiş bir hadisədir" deyib. Təyyarənin havaya qalxdıqdan qısa müddət sonra gücünü itirərək qəzaya uğraması əvvəlcə texniki nasazlıq ehtimalını gündəmə gətirsə də, ABŞ mənbələri "Dreamliner" modelində hər hansı bir dizayn və ya istehsal qüsuruna dair dəlil tapılmadığını, bütün diqqətin kokpitə yönəldiyini bildirib.
Yanacaq Şalterləri Niyə Bağlı İdi?
İstintaqın mərkəzində pilotlar tərəfindən idarə olunan yanacaq axını şalterləri dayanır. Bu şalterlər normalda uçuş boyu açıq qalmalı; yalnız mühərrikləri işə salmaq, fövqəladə hallarda söndürmək və ya sıfırlamaq üçün istifadə olunur. Lakin 12 iyundakı qəzada şalterlərin havaya qalxandan dərhal sonra hər iki mühərrik üçün də bağlı olduğu, bu səbəbdən təyyarənin itələmə gücünü itirdiyi iddia edilir. Şalterlərin bilərəkdənmi bağlandığı, yoxsa təsadüfənmi hərəkət etdirildiyi hələ də sual altındadır. Təyyarənin itələmə gücünü itirməsi nəticəsində fövqəladə hallarda işə düşən "ram air türbini" (RAT) sisteminin işlədiyi, bunun da qəza anında qeydə alındığı bildirilir. Təyyarə tibb tələbələrinin qaldığı bir yataqxanaya çırpılarkən, içindəki 259 nəfərlə birlikdə cəmi 270 nəfər həyatını itirib. Yeganə sağ qalanın yerdəki bir tələbə olduğu açıqlanıb.
Təcrübəli Pilotların Pilot Səhvi Şübhəsi
Qəza baş verən uçuşdan məsul kapitan pilot Sumeet Sabharwal, geniş gövdəli təyyarələrdə 10 mindən çox saat uçuş təcrübəsi olan təcrübəli bir ad idi. Yardımçı pilot Clive Kunder isə 3 min 400 saatlıq uçuş təcrübəsinə malik idi. Təcrübəli ekipajın belə bir
pilot səhvinə necə yol verdiyi sual doğurur.
ABŞ Və Hindistan Arasında "Qara Qutu" Gərginliyi
İstintaq çərçivəsində Hindistanın rəhbərliyi ilə aparılan qəza araşdırmasına ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya İdarəsi (FAA) də texniki dəstək verir. Lakin ABŞ rəsmiləri "qara qutuların" analizinin gecikməsindən narahatdırlar. Hətta bir ara, "qara qutuların" Dehli xaricində bir obyektə daşınmaq istənməsi NTSB-ni hiddətləndirib. Bu gərginlikdən sonra ABŞ heyətinin istintaqdan çəkilmək hədəsində olduğu, lakin sonda dəstək verməyə davam etdikləri bildirilir.
"Dreamliner"in Adı Təmizə Çıxır?
"Boeing 787 Dreamliner", 2011-ci ildə xidmətə girdiyi gündən bəri beynəlxalq uçuşlarda tez-tez seçilən və təhlükəsizliyi ilə tanınan bir modeldir.
Air India filosundakı bu təyyarə də 2014-cü ildə təhvil verilmişdi. Hazırda ABŞ rəsmiləri nə "Dreamliner"in strukturunda, nə də mühərrikləri istehsal edən "GE Aerospace" şirkətindən qaynaqlanan bir texniki nasazlıq aşkarlayıblar. Bu da diqqəti tamamilə
pilot səhvinə yönəldib.
Air India Üçün Kritik Dönəm
Qəzadan sonra Hindistanın ən köklü aviaşirkəti olan
Air India yenidənqurma prosesində böyük zərbə alıb. Uzun illər dövlət nəzarətində olan şirkət, özəl sektora keçidlə etibarını bərpa etməyə çalışırdı. Lakin bu qəza həm şirkətin, həm də "Boeing"in təhlükəsizlik reytinqində dərin iz qoyub. Digər tərəfdən, Hindistanın Təyyarə Qəzaları Araşdırma Bürosu (AAIB) qəzaya dair ilkin hesabatını qısa müddət ərzində ictimaiyyətə açıqlayacaq. Lakin istintaqın tam nəticələrinin alınması, mütəxəssislərin fikrincə, aylarla, hətta bir il çəkə bilər.
Nə Baş Vermişdi?
Ahmedabaddakı Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından London Gatwick Hava Limanına gedən "Air India 171" sərnişin təyyarəsi, 12 iyun tarixində havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar yaşayış məntəqəsində qəzaya uğramışdı. Təyyarə qəzası nəticəsində 270 nəfər həyatını itirmişdi.
24 saat