Son illərdə Çin Xalq Respublikası okean tədqiqatları sahəsində fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırıb. Bu məqsədlə istifadə edilən gəmilər yaxın vaxtlara qədər əsasən Çin sahillərinə yaxın sularda işləsə də, son dövrlərdə bu vəziyyət dəyişib. Keçən il Sakit Okeanın qərb bölgələrində fəaliyyətə başlayan tədqiqat gəmiləri, Çin ordusunun da strateji maraqlarının olduğu ərazilərdə okean dibi haqqında məlumatlar toplayır. Bu elmi gəmilər dəniz həyatı və iqlim dəyişikliyinin təsirləri barədə daha çox bilik əldə etməyimizə kömək edəcək. Lakin ABŞ mərkəzli New York Times qəzetinin xəbərinə görə, bu tədqiqat gəmilərinin əldə etdiyi nəticələr Çinin Sakit Okeanda dənizaltılarını necə yerləşdirəcəyi və ya daha gizli ABŞ dənizaltılarını necə izləyəcəyi kimi məsələlərin qiymətləndirilməsində də istifadə edilə bilər.
Tədqiqatlar Hərbi Əməliyyatlar Üçünmü Aparılır?
Starboard Maritime Intelligence adlı şirkətin Yeni Zelandiya və Vaşinqtondakı ofisləri tərəfindən təmin edilən gəmi mövqeyi məlumatlarına görə, Çinə məxsus gəmilər Tayvanın şərq sahilləri və Filippinlərin qərbində yerləşən Quam adası yaxınlığında fəaliyyət göstərir. Bu bölgələrin Çin donanması üçün strateji cəhətdən həyati əhəmiyyətə malik olduğu məlumdur. New York Times, Starboard-dan alınan məlumatları və gəmilərdəki alimlər tərəfindən hazırlanmış hesabatları araşdıraraq, aparılan işlərin potensial hərbi əməliyyatlar üçün də istiqamətverici nəticələrə malik olduğu qənaətinə gəlib. Starboard-un məlumatlarına görə, ötən il sonar və dərin dəniz nümunə götürmə avadanlıqları ilə təchiz olunmuş "Xiang Yang Hong 6" və digər beş Çin tədqiqat gəmiləri Tayvanın şərq sahili boyunca 25 dəfə keçid edib. Eyni dövrdə, Çin tədqiqat gəmiləri Quam ətrafındakı suları araşdırmaq üçün Çin materikindən xeyli uzağa gedərək ABŞ-a bağlı Quam adasının şərq və qərb hissələrində dərin dəniz tədqiqatları həyata keçirib. Gəmilər müəyyən etdikləri ərazilərdə geniş bir sahəni əhatə edən paralel keçidlər edib.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Çin tədqiqat gəmiləri öz işlərini müəyyən etdikləri ərazilərdə paralel keçidlərlə həyata keçirir.
Qəzetin xəbərində yer alan məlumatlara görə, "Tansuo No. 1" kimi bəzi tədqiqat gəmiləri, inkişaf etmiş sonar sistemləri ilə yanaşı, təxminən 6 kilometr dərinliyə qədər enə bilən təzyiqə davamlı insanlı dənizaltılar da daşıyır. Bundan əlavə, bəzi gəmilərdə dəniz dronları və sualtı planerlər də mövcuddur.
Çin, okean tədqiqatları zamanı adətən hərbi gəmilər əvəzinə mülki tədqiqat gəmilərindən istifadə edir. Bu gəmilər dövlət agentlikləri, universitetlər və tədqiqat institutları tərəfindən idarə olunduğu və hərbi gəmilərdən daha az diqqət çəkdiyi üçün Çinə həssas sularda daha sərbəst hərəkət etmək imkanı verir. Bu strategiya Çinin okean tədqiqatlarını elmi məqsədlərlə həyata keçirərkən, eyni zamanda hərbi maraqlarını da nəzərə almasına şərait yaradır. Beləliklə, Çin həm elmi məlumatlar toplayır, həm də strateji sularda daha çox fəaliyyət göstərə bilir.
Potensial Münaqişənin Cəbhə Xəttində Fəaliyyət
Keçən fevral ayında Çinə məxsus tədqiqat gəmiləri təxminən 5 gün ərzində Tayvanın şərq sahillərində işlər görüb. Növbəti aylarda eyni bölgələrdə daha 5 müxtəlif gəmi tədqiqat işlərinə qoşulub. Aşağı sürətlə hərəkət edən gəmilər, inkişaf etmiş sonarlar başda olmaqla müxtəlif sistemlərdən istifadə edərək dənizaltı xəritələşdirmə işləri aparıb. Bu gəmilərdən bəziləri Tayvanın dəniz sərhədlərinə çox yaxınlaşsa da, heç bir pozuntu törətməyib. Bu da Tayvanın etiraz etməsinin qarşısını alıb. Tayvanın şərq sahillərinin əhəmiyyətli hava və dəniz bazalarına ev sahibliyi etdiyi məlumdur. Mütəxəssislərə görə, mümkün bir müharibə vəziyyətində bu bölgənin Çin donanması üçün strateji hədəf olması gözlənilir.
Mütəxəssislərin fikrincə, Tayvanın şərq sahili boyunca davam edən isti su axınlarının yaratdığı şərait, bölgədə dənizaltı naviqasiyasını çətinləşdirir. Çinli hərbi tədqiqatçılar 2010-cu ildə apardıqları bir araşdırmada, axınları anlamağın Çinə "özünü daha yaxşı gizlətməyə və düşmənlərinə daha yaxşı hücum etməyə" kömək edəcəyini yazmışdılar. Corc Vaşinqton Universitetində müəllim, ABŞ Dəniz Qüvvələrinin keçmiş kəşfiyyat zabiti C. Maykl Dahm, Çin tədqiqat gəmilərinin bölgədə apardığı araşdırmalar haqqında deyib: "Burada görülən işlərin nəticəsində bu məlumatlara malik olmaq, bir dənizaltının gizlənməsi üçün yaxşı yer olub-olmadığını anlamağa kömək edə bilər."
"Başqa Məqsədlərlə Edilmiş Ola Bilər"
Çin gəmiləri keçən ilin əvvəllərində Amerika bombardmançı təyyarələrinin, dənizaltılarının, dəniz piyadalarının və radar sistemlərinin yerləşdiyi Quam adası yaxınlığındakı suları da araşdırmağa başlayıb. ABŞ-a bağlı olan bu adanın yaxınlığında aparılan tədqiqatların, mədən axtarışları da ola biləcəyi iddia edilir. Lakin Havay Universitetindən təqaüdə çıxmış dəniz tədqiqatçısı Kristofer Kelli, bölgənin mədən axtarışı üçün prioritet olmadığını qeyd edərək bildirib: "Çin tədqiqat gəmilərinin araşdırma apardığı Quamın qərbindəki sular mineral axtarışı üçün prioritet sahələr hesab edilmir. Buna görə də bu tədqiqatlar başqa məqsədlərlə edilmiş ola bilər."
Hudson İnstitutunun baş tədqiqatçısı, ABŞ Dəniz Qüvvələrinin keçmiş dənizaltı zabiti Brayan Klark, Çin tədqiqat gəmilərinin dənizaltı kabellərini və ABŞ-ın dənizaltı aşkarlama texnologiyasını müəyyən etməyə də kömək edə biləcəyini deyib. Klark bildirib: "Çinlilərin münaqişədən əvvəl dənizaltıların bölgədə istifadəsi üçün araşdırmalar apardığını görə bilərsiniz. Mümkün bir müharibə halında bu bölgələrdə anidən peyda olub ABŞ qüvvələrinə hücum edə və təhlükəsizlik riskləri yarada bilərlər."
Beynəlxalq hüquqa əsasən, mülki tədqiqat gəmilərinin beynəlxalq sularda və icazə almaları şərtilə digər ölkələrin müstəsna iqtisadi zonalarında fəaliyyət göstərmələrinə icazə verilir. Lakin Çinə məxsus gəmilərin hər keçən gün varlığını artırması, bu işlərin hərbi məqsədlər daşıdığı iddiası ilə birlikdə Asiya-Sakit Okean bölgəsində narahatlıq doğurub. Narahatlıqlara baxmayaraq, Çinin tədqiqat işləri davam edir. Keçən ay Çinə məxsus tədqiqat gəmiləri Quamın şərqindəki dənizlərə çatıb və bölgədə yenidən araşdırma aparmağa başlayıb. Bölgədəki gərginlik hər keçən gün artarkən, bu prosesin gələcəkdə necə inkişaf edəcəyini isə zaman göstərəcək.