Gündəm 04.08.2025

Hikmət Hacıyevdən dəqiq məbləğ açıqlaması tələbi

Hikmət Hacıyevdən dəqiq məbləğ açıqlaması tələbi

“Toplum TV işi” üzrə növbəti məhkəmə: Vergilər Nazirliyinin iddiası və müdafiə tərəfinin sualları

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV işi üzrə növbəti məhkəmə iclası baş tutub. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin mülki iddiaçı qismində təqdim etdiyi tələbin əsaslandırılması davam etdirilib. Nazirlik nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandırıb. Prosesdə təqsirləndirilən şəxslərin vəkillərindən Fəxrəddin Mehdiyev Vergilər Nazirliyinə “Toplumçu”ların 79 min manat vergi borcu yaratdığına dair iddianın nəyə əsaslandığını soruşub. Nazirlik nümayəndəsi cavabında bu məbləğin işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri ilə əlaqəli olduğunu bildirib. Lakin vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi kimlər arasında aparılıb, adlar çəkə bilərsinizmi?” sualına cavab olaraq, nazirlik nümayəndəsi “bu barədə mütəxəssis rəyi var, istintaq belə müəyyən edib” deyə cavab verməklə kifayətlənib.

İddiaçı tərəfin qeyri-müəyyən mövqeyi və vəsatətlərin rəddi

Vəkil Rəsul Cəfərov mülki iddiaçının hər bir şəxsin dövlət büdcəsinə ayrı-ayrılıqda nə qədər zərər vurduğunu konkret müəyyənləşdirməli olduğunu vurğulayıb və Toplum TV işi ilə bağlı iddianamədə bunun öz əksini tapmadığını qeyd edib. İddiaçı tərəf bu barədə məlumatsız olduğunu və suala cavab verməyəcəyini bildirib. Bu vəziyyətdə vəkil mülki iddiaçının zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilməsini tələb etsə də, hakim heç bir əsas gətirmədən vəsatəti rədd edib. Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal çıxışında dəqiq məbləğlərin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə məlum olduğunu, onun gəlib ifadə verməli və məsələyə aydınlıq gətirməli olduğunu deyib. Ə.Zeynal fikrini belə əsaslandırıb: “Jurnalist Fərid İsmayılov hələ COP-29 tədbirləri zamanı Hikmət Hacıyevə ‘Toplumçu’ların həbsi barədə sual verəndə, o, cavabında demişdi ki, ‘həmin şəxslər konkret cinayət əməlinə görə həbs olunublar və istəsəniz sizə məbləğləri də deyə bilərəm’. Bir halda ki, iddiaçı tərəf dəqiq məbləğləri bilmir, Hikmət Hacıyevi çağırın, gəlsin o desin”. Hakim bununla bağlı təqsirləndirilən şəxslərin vəsatət qaldıra biləcəyini xatırladıb.

Müdafiə tərəfinin əsassız ittihamlarla bağlı etirazları

Vəkil Günay İsmayılova ittiham aktında təqsirləndirilən şəxslərin 2020-ci ildən vergidən yayındığı deyilsə də, təqsirləndirilən İlkin Əmrahov və Ramil Babayevin həmin il tələbə olduğunu və fərqli məşğuliyyət sahələrində fəaliyyət göstərdiyini qeyd edib. Vəkilin “bu şəxslərin həmin illərdə nə ilə məşğul olduğunu araşdırmısınızmı?” sualına iddiaçı tərəf “xeyr, bu, bizim işimiz deyil” cavabını verib. Vəkil bu cavabı “istintaq materiallarında yazılanları araşdırmadan və olduğu kimi köçürtdünüz” kimi dəyərləndirib. Ardınca İDİ əməkdaşı İlkin Əmrahov kimin dövlət büdcəsinə nə qədər zərər verdiyinin ayrı-ayrılıqda araşdırılması barədə vəsatət qaldırıb: “Mən İDİ-də sadəcə 4-5 ay çalışmışam, bəs necə olur ki, dövlət büdcəsinə hamıyla eyni dərəcədə zərər vurmuşam”. Təqsirləndirilən şəxs Fərid İsmayılov isə Toplum TV-də işlədiyi müddətdə dəfələrlə Vergilər Nazirliyinə jurnalist sorğuları göndərdiyini və cavab aldığını bildirib. Jurnalist “Bəs nazirlik bu illər ərzində hara baxırdı ki, araşdırmayıb mən jurnalist olaraq vergi verirəm ya yox?” sualını ünvanlayıb. Nazirlik nümayəndəsi bu suala da cavab verməkdən imtina edib, Fərid İsmayılov isə buna “çünki cavabı bilmirsiniz” şəklində reaksiya verib.

“Toplum TV işi” və Azərbaycanadakı son həbslər

Ümumilikdə Toplum TV işi üzrə 10 nəfərə cinayət işi açılıb. Onlardan III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs ediliblər. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. “Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Azərbaycan hakimiyyəti isə heç kəsin peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bəyan edir.

sələfi

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz