Gündəm 03.08.2025

Oğlu və meymunu birgə böyüdən ananın həyatı artıq əvvəlki deyil

Oğlu və meymunu birgə böyüdən ananın həyatı artıq əvvəlki deyil
1931-ci ildə amerikalı heyvan psixoloqları Luella və Winthrop Kellogg cütlüyü, insan və heyvan inkişafı üzrə apardıqları araşdırmaları qeyri-adi bir səviyyəyə qaldırdılar. Florida Ştat Universitetində və İndiana Ştat Universitetində fəaliyyət göstərən bu cütlük, bir şimpanze balasını öz oğulları ilə birlikdə böyütməyə qərar verdilər.

İNSAN VƏ ŞİMPANZE: DONALD VƏ QUA ADLI TƏCRÜBƏ

Kellogg cütlüyünün evində başlayan bu təcrübənin əsas rollarında biri insan, digəri isə primat olan iki körpə var idi. Donald 10 aylıq, Gua isə hələ 7.5 aylıq olanda birlikdə böyüdülməyə başladılar. Əvvəlcə 5 il davam etməsi planlaşdırılan bu araşdırmanın məqsədi, heyvana insan kimi yanaşıldıqda, onun koqnitiv və sosial inkişafında hansı dəyişikliklərin ola biləcəyini müşahidə etmək idi. Gua Donald kimi geyindirilirdi, oxşar qidalarla qidalandırılırdı, gündəlik işlərdə eyni cür həvəsləndirilirdi. Bir neçə ay ərzində o, çəngəllə yemək yeməyə, dik yeriməyə və verilən 20-dən çox əmri yerinə yetirməyə başladı. Primatın inkişaf sürəti baxımından insan olan Donalddan üstün olduğu barədə şərhlər verilirdi. Lakin zamanla növlər arasındakı fərqlər daha aydın nəzərə çarpmağa başladı. Donald sözlər deməyə başlarkən, Quanın danışıq sahəsində heç bir inkişaf göstərmədiyi aydın oldu. Heyvanın zehni inkişafı, insan ünsiyyətinə dair fizioloji məhdudiyyətləri səbəbindən tıxanmış görünürdü.

TƏSİRLƏRİN TƏRSİNƏ YÖNƏLMƏSİ: DONALDIN "ŞİMPANZELƏŞMƏSİ"

Bu layihənin ən diqqətçəkən hissəsi isə təxminlərin əksinə inkişaf etdi. Gözlənti, primatın insan davranışlarını mənimsəməsi idi. Lakin zamanla Donald, Quadan təsirlənməyə başladı. Quanın çıxardığı səsləri təqlid edən, insanları dişləyən, dörd ayaq üstündə yeriməyə başlayan Donald, getdikcə şimpanzeyə bənzəməyə başlayırdı. Bu müşahidə, ailəni ciddi şəkildə narahat etdi və 9-cu ayın sonunda layihəyə son qoyuldu.

MÜBAHİSƏLƏR VƏ ETİK SUALLAR

Həyata keçirilən araşdırma yalnız nəticələri ilə deyil, etik tərəfi ilə də mübahisələrə səbəb oldu. Johns Hopkins Berman Bioetika İnstitutundan professor Jeffrey Kahn, cütlüyün bu riski əvvəlcədən proqnozlaşdırmalı olduğunu müdafiə etdi. Kahn, "Bir körpəni küçüklə böyütsəniz, küçüyün insanlaşmasını gözləyə bilməzsiniz" deyərək, bu araşdırmanın uşaq üzərindəki psixoloji təsirlərinə diqqət çəkdi. Kahn həmçinin bu hadisənin elmi etibarlılığına dair şübhəsini belə ifadə etdi: "Öz ailəniz üzərində tədqiqat aparsanız, bu, obyektiv və nəzarətli bir laboratoriya işi hesab edilə bilməz."

GUA VƏ DONALDIN ACI SONLUĞU

Layihə başa çatdıqdan sonra Gua, Floridadakı Yerkes Regional Primat Araşdırma Mərkəzinə göndərildi. Təəssüf ki, o, burada bir il sonra sətəlcəmdən həyatını itirdi. Donald isə həyatını davam etdirdi və həkim oldu. Lakin illər sonra, valideynlərinin ölümündən qısa müddət sonra, 42 yaşında öz həyatına son verdi. Mütəxəssislər bununla həyata keçirilən təcrübə arasında birbaşa əlaqə qura bilməsələr də, uşaq yaşda məruz qaldığı qeyri-adi prosesin təsirlərinin ola biləcəyini düşünürlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz