Gizli Sərvətlər və Şəffaflıq Paradoksu
Cəmiyyətin gözü qarşısında milyonlarla dollarlıq mülklərə sahib çoxsaylı insanların olduğu bir ölkədə rəsmi olaraq tanınan milyonçuların olmaması diqqət çəkən paradoks yaradır. Bu vəziyyət, xüsusilə özəl sektor və hökumət məmurları arasında şəffaflıqdan qaçma meylini üzə çıxarır. Bizneslər, maliyyə məlumatlarını və istehsal göstəricilərini kommersiya sirri adı altında gizlətməyə çalışırlar. Hətta rəsmi təsisçilərin adları belə məxfi saxlanılır. Şübhəsiz ki, bunun əsas səbəbi özəl biznesdəki siyasi təsirin ictimaiyyətdən gizlədilməsidir.
Moody’s Hesabatında Açıqlanan Faktlar
Bəzən təsadüfən üzə çıxan məlumatlar son iyirmi ildə əsasən dövlət resursları hesabına varlanmış azsaylı bir qrupun sərvətinin miqyasını qismən anlamağa imkan verir. Bu yaxınlarda hökumətyönlü medianın “Moody’s Ratings” beynəlxalq agentliyinə istinadən yaydığı xəbər bu qəbildən olan məlumatlardan sayılır. Agentliyin hesabatına görə, ölkənin ilk beş böyük bankı arasında yer alan Xalq Bankın depozit portfelinin 54 faizi cəmi 20 əmanətçiyə məxsusdur. Hesabatdan görünür ki, bankın ümumi əmanət portfelinin məbləği 1 milyard 905 milyon manat olduğu halda, bunun 1 milyard 29 milyon manatı həmin şəxslərin payına düşür. Bu o deməkdir ki, iri əmanətçilərin hər birinə orta hesabla 51,4 milyon manat depozit düşür.
Prezident Ailəsinin Bank Sektorundakı Nüfuzu
Rəsmi məlumatlara görə, Xalq Bank ölkə Prezident İlham Əliyevin ailəsinə məxsus üç aparıcı bankdan biridir. Digər iki bank “Kapitalbank” və “Paşabank”dır. 2025-ci ilin birinci yarısının sonuna olan məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən 21 bankın ümumi aktivlərinin məbləği təxminən 55 milyard manat təşkil edib. Dövlət banklarının aktivləri istisna edilməklə, özəl bank seqmentindəki 39 milyard manatlıq məcmu aktivlərin 23,8 milyard manatı, yəni 61 faizi adıçəkilən bu üç banka aid idi. Bununla yanaşı, Xalq Bankın aktivlərinin məbləği 3 milyard manatdan bir qədər çox olub.
Həmçinin, bank sektoru üzrə ümumi depozit portfeli 37,3 milyard manat təşkil edib ki, bunun 27,2 milyard manatı özəl bankların payına düşür. Öz növbəsində, özəl bank sektorunun depozit portfelinin 17,1 milyard manatı, yaxud 63 faizi məhz bu üç bankın nəzarətində idi. Bu göstəricilər ölkə iqtisadiyyatında prezident ailəsi ilə əlaqəli maliyyə institutlarının dominant mövqeyini bir daha təsdiqləyir və maliyyə sistemindəki şəffaflıq məsələlərinə dair suallar doğurur.
Oxucu Şərhləri
Şərh Yaz